Kirlənmək gözəldir! (Dirt is good)

Hər nə qədər qeyri-adi səslənsə də, bu ifadənin arxasında 15 ilə yaxındır ki, bir yuyucu tozu markası dayanır: “OMO”.

OMO Unilever şirkətinin ən məşhur markalarından biridir. İlk blog yazım üçün məhz bu kampaniyanı seçməyimin səbəbi bu günədək izləyib, araşdırdığım kampaniyalar arasında fəlsəfəsinə ən çox inandığım marka kampaniyası olmasıdır. Əvvəlcə biraz kampaniya ideyasının yaranmasına nəzər salaq. “Dirt is good” (Kirlənmək gözəldir) ideyası ilk dəfə 2002-ci ildə OMO markasının Brazilya ofisində təklif edilmişdir. Bu fikri irəli sürənlərdən biri də  Aline Santos Farhat idi. Ümumiyyətlə, 2000-ci illərin əvvəllərindən başlayaraq bir çox marka funksional olaraq bir-biri ilə rəqabət aparmaq qabiliyyətini itirməyə başlamışdı. Bütün yuyucu tozu markaları demək olar ki, eyni funksiyaları yerinə yetirirdi. Hətta artıq reklamlardakı bənzərliklər də açıq-aşkar hiss olunurdu. Məhz bu səbəbdən də OMO digər yuyucu tozu markalarından fərqlənmək qərarına gəldi. Aline Santos Farhat: “Biz anaların hətta yumadan sonra belə xatırlayacağı bir ideya axtarırdıq. Çünki hazırkı vəziyyətdə güclü mesajı (məqsədi) olmayan marka bazardakı rəqabətə tab gətirə bilmir. Bu fikir isə sizi bazardakı digər markalardan fərqləndirdiyi kimi, istehlakçıların diqqətini də cəlb edə bilir. Lakin sadəcə “Kirlənmək gözəldir!” deyib bir kənara çəkilmək olmazdı. Bu ifadənin ardındakı dərin fəlsəfəni izah etmək lazım idi ”

Növbəti mərhələdə keçirilən sorğular (xüsusilə in deepth interview- dərinləşdirilmiş sorğular və focus group- fokus qrup) nəticəsində kirlənməyin uşaqların inkişafının ayrılmaz hissəsi olduğu fikrinin analar tərəfindən rəğbət gördüyü məlum olur. Lakin bununla da iş bitmiş sayılmır. Dünyanın bir çox yerində kirlənmək kəliməsinin neqativ altmənaları olduğuna görə bu fəlsəfəni müxtəlif cəmiyyətlərə müxtəlif üsullarla təqdim etməli olurlar.  Ana fikir isə dəyişməz qalırdı-  “Kirlənmək öyrənmək üçün atılan ilk addımdır. Uşaqlarınızın fiziki ve zehni olaraq inkişaf etməsini istəyirsinizsə onlara kəşf etməyə, öyrənməyə, qısacası kirlənməyə icazə verin”.  Bunların fonunda marka öz məhsulundan o qədər əmin idi ki, reklam strategiyasını da məhz bunun üzərinə qurmuşdu. Yəni ki, siz çirklənən paltarları düşünmürsünüz, OMO onsuz da paltarlarınızı mükəmməl səviyyədə təmizləyəcək. Siz sadəcə uşaqlarınızın inkişafını düşünün.

Bu ideyanın Brazilyada meydana çıxmasına baxmayaraq qlobal komandalar arasında bu fəlsəfəni ən yaxşı mənimsəyən ölkələrin başında Türkiyə qərarlaşır. O zamanlarda (elə hal-hazırda da) OMO markasının Türkiyədəki  reklam agentliyi Nesteren Davutoğlu başcılığında “LOWE Istanbul” kreativ agentliyi idi. Agentliyin kampaniya üçün çəkdiyi reklam filmləri üzərindən uzun illər keçməsinə baxmayaraq hələ də yadda qalmaqdadır. Markanın əsas fikri olan  “Kirlənmək gözəldir! (Kirlenmek güzeldir!)” sloqanı isə cəmiyyət arasında artıq bir jarqona çevrilib.

OMO – Kirlenmek güzeldir (buradan izlə)

2006-cı ildən başlayaraq isə OMO uşaqların idmana yönləndirilməsi fonunda bu kampaniyanı davam etdirir. Aşağıda paylaşdığım reklam da məhz bu seriyaya daxil olan reklam filmlərindəndir. Reklam filmi “LOWE Istanbul” kreativ agentliyinə məxsusdur və 2006-cı ildə “Kristal Elma” mükafatına layiq görülüb.

OMO – Cesaret (buradan izlə)

İnkişaf etmək üçün, öyrənmək üçün və ən əsası uşaqlığını dolu-dolu yaşamaq üçün kirlənmək gözəldir!